Martın 23-də Londonun “Uembli” stadionunda İngiltərə – Braziliya oyunu (0:1) “selesao”nun gənc hücumçusu Endrik üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, 17 yaşlı futbolçu oyunun 80-ci dəqiqəsində Vinisius Juniorun ötürməsini qola çevirərək, Braziliya millisinin qələbəsini təmin edib.
“Opta Sport” statistik internet-portalının məlumatına görə, bu qol sayəsəində Endrik “Uembli” stadionunun tarixində ölkəsi üçün qol vurmuş ən gənc oyunçu olub. Həmçinin bu qol, Endrikin “selesao”nun heyətində vurduğu ilk qoldur.
Braziliya millisi növbəti oyununu çərşənbə axşamı, martın 26-da İspaniya yığmasına qarşı keçirəcək. Komandalar Madriddə yoldaşlıq görüşündə üz-üzə gələcəklər.
Xatırladaq ki, böyük futbolda 2-ci mövsümünü keçirən 17 yaşlı Endrik “Palmeyras”ın yetirməsidir. Endrik İspaniya nəhəngi “Real”la müqavilə imzalayıb, amma 18 yaşı tamam olmadığı üçün yalnız 2024-cü ilin yayında, həddi-büluğa çatdıqdan sonra “qaymaqlılar”a qoşulacaq.
“Transfermarkt” internet portalının məlumatına görə, Endrikin “Real”a keçidi Madrid klubuna 37,5 milyon avroya başa gəlib.
Endrik Braziliya futbolunun artıq başa çatmış son mövsümündə “Palmeyras”ın heyətində 53 oyuna çıxıb, 14 qol vurub, 1 məhsuldar ötürmə verib. Yeniyetmə futbolçu geridə qalmış mövsümdə 2022/2023 Braziliya A Seriyasının və 2023 Braziliya Super Kubokunun qalibi olub. Hücumçu həmçinin 2021/2022 mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.
Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 3 oyun keçirib və artıq məlum olduğu kimi, 1 qol vurub.
“Transfermarkt” internet-portalı 17 yaşlı braziliyalı mərkəz hücumçusu Endrikin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.