Endrikin transfer dəyəri kəllə-çarxa çıxdı

Braziliya millisinin 17 yaşlı yeniyetmə ulduzu, mərkəz hücumçusu Endrikin transfer dəyəri növbəti dəfə artıb.

Arena.az məlumat verir ki, nüfuzlu “Transfermarkt” internet-portalı Endrikin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndir.

Bu, yeniyetmə ulduzun əvvəlki transfer dəyəri ilə müqayisədə 10 milyon avro məbləğində artım deməkdir. Yaşını nəzərə alsaq, bu qiymət futbolçunun perspektiv vəd etdiyini aydın əks etdirir. Həmçinin Endrik Braziliya A Seriyasının ən bahalı futbolçusuna çevrilib.

Böyük futbolda 2-ci mövsümünü keçirən 17 yaşlı Endrik “Palmeyras”ın yetirməsidir. Endrik İspaniya nəhəngi “Real”la müqavilə imzalayıb, amma 18 yaşı tamam olmadığı üçün yalnız 2024-cü ilin yayında, həddi-büluğa çatdıqdan sonra “qaymaqlılar”a qoşulacaq. “Kral klubu” Endrikin transferi üçün 45 milyon avro məbləğində xərc çəkib. Yeniyetmə hücumçunun İspaniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Endrik Braziliya futbolunun artıq başa çatmış son mövsümündə “Palmeyras”ın heyətində 53 oyuna çıxıb, 14 qol vurub, 1 məhsuldar ötürmə verib. Endrikin “yamyaşıllar”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 67 oyun, 19 qol, 3 məhsuldar ötürmə.

Yeniyetmə futbolçu geridə qalmış 2022/2023 mövsümündə Braziliya A Seriyasının və 2023-cü il Braziliya Super Kubokunun qalibi olub. Endirk həmçinin 2021/2022 mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.

Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 4 oyun keçirib və artıq məlum olduğu kimi, 2 qol vurub.