Endryu Robertson: “Bu, çox xoşagəlməzdir”

“Liverpul”un müdafiəçisi Endryu Robertson İngiltərə Premyer Liqasının 33-cü turunda “Kristal Pelas”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, “qırmızılar” bu ev oyununda gözlənilmədən 0:1 hesabı ilə məğlub olublar və çempionluq mübarizəsində ağır yara alıblar.

Hazırda “Mançester Siti” 32 oyundan 73 xalla İngiltərə Premyer Liqasına başçılıq edir. “Şəhərlilər” 33-cü turda qələbə qazanmaqla, öz növbəsində şərikli liderlər – “Arsenal” və “Liverpul”un evdə gözlənilməz məğlubiyyətləri nəticəsində liderliyi ələ keçiriblər. İndi “Arsenal” 71 xalla 2-ci, “Liverpul” isə eyni miqdarda xalla 3-cü pillədə qərarlaşıb.

Şotland futbolçunun bu oyun barədə fikirlərini təqdim edirik:

“İkinci hissədə daha yaxşı idik, amma digər qapı qarşısında imkanlarımızı yaxşı gerçəkləşdirə bilmədik, bu, son bir neçə oyunda təkrarlanır. Qapı qarşısında soyuqqanlılıq göstərməsən, oyunlarda qalib gələ bilmirsən. Oyunda altı-yeddi qol imkanımız oldu, amma təəssüf ki, qol vura bilmədik. Çox xoşagəlməzdir”.

“Liverpul”un müdafiəçisi Premyer Liqada çempionluq uğrunda mübarizədən də danışıb:

“Cümə axşamı bizim Avropa Liqasında oyunumuz var, orada hər şeyimizi verməliyik. Bu komanda qənimətlər uğrunda mübarizəni heç vaxt dayandırmayacaq. İndiki mövqedə olmaq, üçüncü olmaq və digər iki komandanın xal itirəcəyinə ümid etmək çox əsəbidir. Bundan sonra biz yanlışlıqlara yol verə bilmərik”, deyə Robertson vurğulayıb.

Endryu Robertson 2017-ci ilin yayından “Liverpul”un formasını geyinir. Şotlandiyalı futbolçunun İngiltərə klubu ilə sözləşmənin müddəti 2026-cı ilin yayına qədərdir.

30 yaşlı sol cinah müdafiəçisi cari mövsümdə “qırmızılar”ın heyətində 24 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Robertsonun “Liverpul”dakı ümumi göstəriciləri belədir – 291 oyun, 9 qol və 65 məhsuldar ötürmə.

Endryu daha öncə “Hall Siti”, “Dandi Yunayted” və KPR kimi klublarda da forma geyinib. O, 2014-cü ilin mart ayından formasını geyindiyi Şotlandiya yığmasında 69 matça çıxıb, 3 qola imza atıb, 8 məhsuldar ötürmə müəllifi olub.