Enes Ünal şok zədə ilə sarsıldı, ili erkən başa vurdu

Futbol üzrə Türkiyə milli komandasının və İspaniyanın “Xetafe” komandasının hücumçusu Enes Ünal uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, onun komandası La Liqanın 36-cı turunda səfərdə “Betis”in qonağı olub və minimal hesablı qələbə qazanıb – 1:0.

Bu qələbə qonaqlara baha başa gəlib. Belə ki, “Xetafe”nin hücumçusu E.Ünal start heyətində meydana çıxsa da, 7-ci dəqiqədə zədələnərək əvəzlənmək məcburiyyətində qalıb. Ağrılar içində meydanda qıvrılan hücumçuya ilkin tibbi yardım göstərilsə də, oyunu davam etdirə bilməyən Ünal meydandan göz yaşları içində çıxıb.

Bu gün ətraflı müayinələrdən sonra türk hücumçunun zədəsinin ciddi olduğu məlum olub. Belə ki, Ünalın sağ dizinin çarpaz bağları qırılıb.

26 yaşlı forvard sosial media hesabından azarkeşlərinə bildiriş ünvanlayıb və müayinəsinin nəticəsini açıqlayıb: “…Sizə pis xəbərim var”, deyə söz başlayan hücumçu tibbi müayinəsini nəticəsi haqda danışmaqla yanaşı, yaşadığı mənəvi acını da dilə gətirib. Ünal qalan oyunlarda komanda yoldaşlarını dəstəkləyəcəyini və əməliyyata hazırlaşacağını qeyd edib. Fiziki cəhətdən özünü gümrah hiss etdiyini deyən futbolçu yenidən toparlanmaq, mübarizəni davam etdirmək əzmindədir. O, peşman olmaq əvəzinə həyatdan zövq almağı üstün tutduğunu paylaşıb. Sonda hamıya salamlar və dəstək üçün təşəkkürünü bildirərək, nikbin ruhda xudahafizləşib.

Sağ dizinin çarpaz bağlarının qırılması səbəbilə əməliyyata girəcək Ünalın 6-8 ay müddətində yaşıl meydanlardan kənarda qalacağı məlum olub.

Ünal cari mövsümdə La Liqa və Kral Kubokunda cəmi 38 oyunda meydana çıxaraq 15 qola və 5 məhsuldar ötürməyə müəlliflik edib. La Liqada “Xetafe”nin ən çox (14) qol vurmuş futbolçusu olan Ünal çempionatın bombardirləri arasında dördüncüdür.

Xatırladaq ki, Enes Ünal “Xetafe”yə 2020-ci ilin avqustunda gəlib və 5 illik müqavilə imzalayıb. O, bu komandada 104 oyuna 36 qol vurub, 8 asist müəllifi olub. Təcrübəli hücumçu daha öncə “Valyadolid”, “Bursaspor”, “Tvente”, “Vilyarreal”, “Breda”, “Genk” və “Levante”də də oynayıb. Hücumçu son dövrlər “Yuventus”, “Sevilya” və Madrid “Atletiko”sunun maraq dairəsində idi.