Enes Ünal “Xetafe”ni “Bornmut”a dəyişdi

Futbol üzrə Türkiyə millisinin mərkəz hücumçusu Enes Ünal İspaniyanın “Xetafe” klubundan ayrılaraq “Bornmut”a keçib.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Premyer Liqa təmsilçisi 26 yaşlı forvardı satınalma şərti ilə bu mövsümün sonuna kimi icarəyə götürüb. Ünalın İspaniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin 30 iyununa kimidir.

Xatırladaq ki, Enes Ünal “Xetafe”yə 2020-ci ilina avqustunda 9 milyon avro qarşılığında “Vilyarreal”dan gəlib. O, La Liqa təmsilçisində 109 oyun keçirib, 36 qol vurub, 10 məhsuldar ötürmə edib.

Enes İspaniyada “Xetafe” və “Vilyarreal”dan başqa “Valyadolid” və “Levante”nin də formasını geyinib. O, “Bursaspor”, “Tvente”, “Genk” və “NAK Breda” kimi klubların da uğurları üçün çalışıb. 2015-ci ildə Türkiyə millisində debüt etmiş hücumçu indiyə qədər yığmada 32 oyun keçirib və cəmi 3 qolla yadda qalıb.

“Xetafe” digər hücumçusu Dario Povedanı da “Kartaxena”ya icarəyə verib. İspaniyadan olan 26 yaşlı forvard bu mövsümün sonuna kimi aşağı liqa klubudna icarədə olacaq. “Vilyarreal”ın yetirməsi 2020-ci ildən “Xetafe”dədir. O, bu komandada cəmi 18 matça çıxıb və 2 qolla yadda qalıb. Poveda karyerası ərzində “Atletiko” (Madrid), “Vilyarreal”, “Leqanes”, “Hueska”, “Kartaxena”, “İbisa” kimi klubların da formasını geyinib, İspaniyanın U-19 millisində çıxış edib.

“Xetafe”nin serbiyalı mərkəz müdafiəçisi Stefan Mitroviç isə İspaniya klubundan birdəfəlik ayrılaraq Belçika “Gent”inə keçib. 33 yaşlı futbolçu yeni klubu ilə 2026-cı ilin 30 iyununa kimi anlaşıb. “Srvena Zvezda”nın yetirməsi olan, “Brno”, “Metalak”, “Kortreyk”, “Valyadolid”, “Frayburq”, “Gent”, “Strasburq” kimi klublarda da oynamış Mitroviç 2021-ci ildən “Xetafe”də idi. Təcrübəli oyunçu La Liqa klubunun heyətində 68 oyuna çıxıb, 2 qol vurub, 1 assist edib. O, Serbiya yığmasında da 36 oyun keçirib.

Yeri gəlmişkən, Enesi heyətinə qatan “Bornmut”da da iki ayrılıq qeydə alınıb. Premyer Liqa klubu sağ cinah vingeri Devid Bruksu “Sauthempton”a, hücumçusu Kiffer Muru isə “İpsviç Taun”a icarəyə verib. Onların hər ikisi bu mövsümün sonuna kimi icarədə olacaq. Müqavilələrdə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: