“Enfild”də izləyici sayı üzrə rekord müəyyənləşdi

Premyer Liqanın 24-cü turunun “Liverpul” – “Börnli” oyunu (3:1) İngiltərə çempionatında “Enfild”də izləyici sayına görə rekord müəyyən edib.

Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, fevralın 10-da “Liverpul”un doğma stadionunu 59896 azarkeş ziyarət edib. Bundan əvvəlki rekord 1949-cu ildə “Çelsi” ilə keçirilmiş oyunda qeydə alınıb və həmin oyunu tribunadan 58757 nəfər izləyib.

“Liverpul”un “Enfild”də bütün dövrlərin rekordu isə 61905 nəfərdir. Bu göstərici 1952-ci il fevralın 2-də “qırmızılar”ın “Vulverhempton”la İngiltərə Kuboku oyununda qeydə alınıb.

Hazırda Premyer Liqada keçirdiyi 24 oyundan sonra “Liverpul” 54 xalla turnir cədvəlinə başçılıq edir. “Börnli” isə 13 xalla 19-cu pillədə yer alıb.

Vurğulayaq ki, 23 oyundan 52 xal toplamış “Mançester Siti” potensial lider qismində 2-ci pillədə qərarlaşıb.