Enner Valensiya “Fənərbaxça”nı Braziliya klubuna dəyişdi

Futbol üzrə Ekvador milli komandasının hücumçusu Enner Valensiya Türkiyənin “Fənərbaxça” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu karyerasını Braziliyada davam etdirəcək.

İstanbul təmsilçisi ilə müqaviləsi mövsüm bitən kimi başa çatan Valensiya, azad agent kimi “İnternasional” klubuna keçib. 33 yaşlı futbolçu ilə imzalanan sözləşmənin 3 illik olduğu bildirilir. O, yeni komandasında 13 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Enner Valensiya 2020-ci ilin avqust ayından “Fənərbaxça”da forma geyinirdi. 33 yaşlı futbolçu bu müddətdə Türkiyə klubunun heyətində 116 matça çıxıb. O, bu görüşlərdə 59 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub. Ekvadorlu forvard daha öncə “Emelek”, “Paçuka”, “Vest Hem”, “Everton” və “Tiqres UANL” kimi klubların da formasını geyinib. O, Ekvador milli komandasında da 77 oyuna çıxıb və 38 qola imza atıb.

“Fənərbaxça”nı sloveniyalı yarımmüdafiəçisi Miha Zayç ilə Şimali Makedoniya yığmasının sol cinah müdafiəçisi Ezcan Alioski də tərk edib. Onların da klubla müqaviləsinin müddəti bitib və komandanı tərk ediblər.

Miha Zayç “Fənərbaxça”ya 2019-cu ildə İtaliyanın “Empoli” klubundan 3,5 milyon avroya gəlmişdi. O, İstanbul təmsilçisində 102 oyun keçirib, 18 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Ezcan Alioski isə 2022-ci ilin avqustunda “Əl-Əhli”dən bir mövsümlük icarəyə götürülmüşdü. 31 yaşlı futbolçu İstanbul klubunun heyətində 26 matça çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: