Son olaraq Fransanın “Bordo” komandasında forma geyinmiş müdafiəçi Enok Kvatenq Türkiyənin “Ankaragücü” klubuna transfer olunub. Arena.az xəbər verir ki, 25 yaşlı sağ cinah müdafiəçisi Super Liqa klubu ilə müddəti 2024-cü ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Azad agent statusuna malik futbolçu üçün heç bir transfer haqqı ödənilməyib. Fransız müdafiəçinin ilyarım ərzində qazanacağı məbləğ isə açıqlanmır.
Enok Kvatenq Fransanın “Nant” klubunun yetirməsidir. O, 2019-cu ilin iyul ayında azad agent kimi “Bordo” ilə müqavilə bağlamışdı. Futbolçu bu komandanın heyətində meydana çıxdığı 62 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub. Kvatenq Fransanın U-16, U-17, U-18, U-19 və U-20 yığmalarında da oynayıb.
“Ankaragücü” bu mövsüm Türkiyə Super Liqasında keçirdiyi 21 oyunda 22 xal toplayıb və 19 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.