Enrike: “Messi, Neymar və Mbappedən ibarət komandanı çalışdırmazdım”

PSJ-nin baş məşqçisi, ispan mütəxəssis Luis Enrike maraqlı açıqlaması ilə futbol ictimaiyyətinin diqqətini özünə çəkib.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, ispan mütəxəssis ulduz futbolçular – Neymar, Lionel Messi və Kilian Mbappedən ibarət PSJ-ni çalışdırmaq fikrində olmadığı bildirib:

“Mən PSJ-ni Messi, Neymar və Mbappe ilə çalışdırmazdım. Qəniməti yalnız dünyanın ən yaxşı oyunçusu olan komanda qazansaydı, PSJ 8 Çempionlar Liqası qənimətinə sahib olardı, onlarda isə heç bircəciyi belə, yoxdur”, deyə ispan mütəxəssis fikrini əsaslandırıb.

Luis Enrike Fransa nəhənginin sükanı arxasına 2023-cü ilin iyulunda keçib. İspan mütəxəssisin PSJ ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Luis Enrikenin gəlişi ilə PSJ-nin Neymar, Lionel Messi və Kilian Mbappedən ibarət ulduzlar üçlüyü dağılaraq pərən-pərən düşüb. Əvvəlcə, Messi və Neymar Parisdən “didərgin” düşüblər.
Argentinalı ulduz hücumçu Messi azad agent qismində MLS təmsilçisi “İnter Mayami”yə qoşulub.

Braziliyalı ulduz hücumçu Neymar isə 90 milyon avro məbləğ müqabilində Səudiyyə Ərəbistanı nəhəngi “Əl-Hilal”ın düşərgəsinə keçib.

2023/2024-cü illər mövsümünün başlanğıcı ərəfəsində bir az “atlanıb-düşən” fransalı ulduz hücumçu Kilian Mbappenin isə Luis Enrike klub rəhbərliyinin köməyi ilə “ipini öz əlinə yığıb”.

Ötən mövsümün başa çatması ilə Mbappe də Parisi tərk edərək, azad agent qismində “Real”a keçib.