Entoni Qordon “Everton”u “Nyukasl”a dəyişdi – 45 milyona

İngiltərənin 21 yaşadək futbolçulardan ibarət milli komandasının hücumçusu Entoni Qordon Premyer Liqada klubunu dəyişib. Arena.az xəbər verir ki, “Everton”un forvardı elitanın digər təmsilçisi “Nyukasl”a transfer olunub.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Gənc futbolçu ilə uzunmüddətli müqavilə imzalandığı açıqlanıb. Amma dəqiq müddət və digər detallar açıqlanmır. Britaniya mətbuatı isə “Nyukasl”ın bu transfer üçün “Everton”a 45.6 milyon avro ödədiyini yazıb.

“Liverpul”un yetirməsi olan Entoni Qordon 2017-ci ildən “Everton”da forma geyinir. O, bu klubun əsas komandasında meydana çıxdığı 78 oyunda 7 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub. Gənc futbolçu 2021-ci ildə “Preston”da icarədə də oynayıb.

Qordon İngiltərənin U-18, U-19, U-20 yığmalarında oynayıb, hazırda isə gənclərdən ibarət millinin formasını geyinir.