Entso Fernandes: “İynə vurdururdum, 8 ay ağrı ilə oynadım”

“Çelsi”nin argentinalı mərkəz yarımmüdafiəçisi Entso Fernandes “zadəganlar”ın düşərgəsində yaşadığı çətin günləri xatırlayıb.

Arena.az argentinalı futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Mən iynə vurdururdum, səkkiz ay ağrı ilə oynadım. Əməliyyat edilməyə qərar verməli oldum, bu, ən yaxşı seçim idi”, deyə Fernandes bildirib.

Xatırladaq ki, Fernandes aprelin sonunda qasıq yırtığından cərrahi əməliyyat edilib. Həmin dövrdən bəri futbolçu bərpa prosesi keçir. Onun cari mövsümü erkən başa vurduğu elə həmin dövrdən müəyyənləşib.

Entso Fernandes Argentinanın “River Pleyt” klubunun yetirməsidir. Bir müddət “Defensa”da icarə keçmiş Fernandesi “River Pleyt” “Benfika”ya satıb. 2023-cü ilin yanvarın 31-də isə “Çelsi” Fernandesi 121 milyon avro müqabilində “Benfika”dan öz düşərgəsinə qatıb. Argentinalı futbolçunun London klubu ilə müqaviləsi 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fernandes “zadəganlar”ın heyətində 40 oyuna çıxıb, 7 qol vurub, 3 məhsuldar ötürmə verib.

Entso Fernandes 2022-ci ilin sentyabrında debüt etdiyi Argentina yığmasının heyətində 21 oyuna 4 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib. Yarımmüdafiəçi Argentina yığması ilə 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı argentinalı mərkəz yarımmüdafiəçisi Entso Fernandesin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.