Entso Fernandesi irqi nəğməyə görə başqa cəza gözləmir

İngiltərə Futbol Assosiasiyası (The FA) “Çelsi”nin argentinalı yarımmüdafiəçisi Entso Fernandesi irqi nəğməyə görə cəzalandırmayacaq.

Arena.az bu barədə “The Telegraph” dərgisinə istinadən məlumat verir.

Xatırldaq ki, söhbət Argentina yığmasının 2024-cü il Amerika Kubokunda qalibiyyətindən sonra “albiseleste”nin avtobusunda zəfər şənliyi zamanı Fernandesin açdığı canlı yayımda, argentinalı futbolçuların fransalı oyunçuların ünvanına oxuduğu irqi zəmində təhqirlə müşayiət edilən biabırçı nəğmədən və “qəhrəman”ın bu məclisdə həvəslə iştirakından gedir.

Mənbənin məlumatına görə, bu biədəb nəğmə ilə bağlı hadisə İngiltərədə baş vermədiyindən, İngiltərə Futbol Assosiasiyası müvafiq mövqe tutmağa üstünlük verib. Bu səbəbdən müvafiq hadisə baxılması üçün FIFA-nın səlahiyyətindədir.

Daha əvvəl isə Fernandesin yol verdiyi hərəkətə görə, çıxış etdiyi “Çelsi”nin fransalı futbolçularından üzr istəməsi və argentinalı futbolçunun üzrünün qəbul edlib bu məsələnin çözüldüyü haqda məlumat yayılmışdı. Öz növbəsndə “Çelsi” rəhbərliyi də Entso Fernandesə hər hansı cəza verməməyi qərara almışdı.

Vurğulayaq ki, həm “Çelsi”nin və həm də İngiltərə Futbol Assosiasiyasının müvafiq mövqeyi ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb. Argentinalı futbolçu isə məlum qalmaqaldan sonra öz sosial şəbəkə hesabları üzərindən hələ də tənqidlər qəbul edir.