Entso Mareska Karlo Ançelottidən aldığı məsləhəti açıqladı

“Çelsi”nin baş məşqçisi Entso Mareska “Real”ın italyan baş məşqçisi Karlo Ançelottidən mövsümöncəsi aldığı məsləhəti açıqlayıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə açıqlamasını təqdim edir:

“Mən futbolçu olanda Ançelottinin rəhbərliyi altında çalışmışam, ona görə də onun nə qədər yaxşı olduğunu bilirəm. Mövsümlərarası fasilədə o, mənə taktiki məsləhətlər vermişdi. Biz yüksək müdafiə xətti ilə oynayırdıq və o, mənə dedi ki, onu aşağı salmalıyıq”, deyə Mareska açıqlayıb.

Xatırladaq ki, 44 yaşlı mütəxəssis “Çelsi”nin sükanı arxasına 2024-cü ilin iyul ayında gətirilib. İtalyan mütəxəssis “zadəganlar”ın baş məşqçisi vəzifəsində argentinalı mütəxəssis Mauriso Poçettinonu əvəzləyib. Mareskanın London klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Entso Mareska əvvəllər “Mançester Siti”də ispan mütəxəssis Xosep Qvardiolanın köməkçiləri heyətində çalışıb, Mareska həmçinin 2023/2024-cü illər mövsümündə “Lester”i çalışdırıb və “tülkülər”i Çempionşipdən Premyer Liqaya yüksəldib.

Mareska fəaliyyəti dövründə “Çelsi”ni 23 oyuna çıxarıb, 15 qələbə, 4 heç-heçə, 4 məğlubiyyət yaşayıb. “Zadəganlar”ın top fərqi isə 61:25 nisbətindədir.

15 turdan sonra 31 xal toplamış “Çelsi” İngiltərə Premyer Liqasının yarış cədvəlində 2-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: