“Çelsi”nin baş məşqçisi Entso Mareska “zadəganlar”ın ingilis yarımmüdafiəçisi Konor Qallaxerlə bağlı vəziyyəti şərh edib.
Arena.az xatırladır ki, daha əvvəl mətbuatda, Qallaxerin Madrid “Atletiko”suna keçməyə yaxın olduğu və bu keçidlə razılaşmayacağı halda, “zadəganlar”ın məşqlərindən kənarlaşdırılacağı haqda məlumat yayılmışdı.
İtalyan mütəxəssis yaranmış vəziyyətlə bağlı bunları dilə gətirib:
“Hazırda bu məsələ ilə bağlı heç bir xəbər yoxdur. Bircə onu deyə bilərəm ki, o, həll yolu tapmaq üçün klubla əlaqə saxlayıb. Yeni heç nə yoxdur.
Hər yay müxtəlif klubların müəyyən oyunçularla fəsadı olur, amma sonda tərəflər bunun həllini tapırlar və hamı xoşbəxt olur. Ümidvaram ki, bu vəziyyətdə də eynisi baş verəcək”, deyə Entso Mareska vurğulayıb.
Konor Qallaxer “Çelsi”nin məzunudur. Yarımmüdafiəçi karyerası ərzində “Çarlton”, “Suonsi Siti”, “Vest Bromviç” və “Kristal Pelas”da icarə əsasında çıxış edib.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Qallaxer “Çelsi”nin heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib. Qallaxerin “zadəganlar”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 95 oyun, 10 qol, 10 məhsuldar ötürmə.
Konor Qallaxer 2021-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 18 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.
Konor Qallaxerin qənimətlər muzeyində “Çelsi”nin U-18 komandası ilə qazandığı İngiltərə Gənclər Liqası çempionluğu (2016/2017 və 2017/2018), həmçinin “zadəganlar”la əldə etdiyi Avropa Liqası (2018/2019) var. Qallaxer milli komanda səviyyəsində İngiltərənin U-17 komandası ilə Dünya Kubokunun (2017) qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.