Entso Mareska “Mançester Siti”yə məğlubiyyətə aydınlıq gətirdi

“Çelsi”nin baş məşqçisi Entso Mareska İngiltərə Premyer Liqasının 1-ci turunda “Mançester Siti”yə ev məğlubiyyətini (0:2) şərh edib.

Arena.az London klubunun rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Düşünürəm ki, komandamız yaxşı oynadı. Biz uduzmağı sevmirik, amma düşünürəm ki, pis çıxış etmədik. Dünyanın ən yaxşı komandası ilə oynadıq və çox vaxt bərabər mübarizə apardıq.
Düşünürəm ki, bugünkü oyunumuz Milan “İnter”i ilə əvvəlki oyundan daha yaxşı idi. Mənə tamamilə aydındır ki, biz təkmilləşirik və düzgün istiqamətdə irəliləyirik”, deyə Mareska vurğulayıb.

Yeri gəlmişkən, Entso Mareska “zadəganlar”ın vingeri Rahim Sterlinqə ehtiyacı olub-olmaması ilə bağlı sualı cavablayıb. İngilis futbolçu Premyer Liqanın 1-ci turunun “Mançester Siti” ilə oyununda (0:2) heyətdə yer almayıb.

İtalyan mütəxəssis “Rahim Sterlinqi komandada görmək istəyirsinizmi?” sualına “Mən 30 oyunçunun hamısını görmək istəyirəm, amma onların hamısına yer yoxdur, ona görə də bəziləri getməlidir”, deyə cavab verib.

1-ci turdan sonra “Mançester Siti” 3 xalla yarış cədvəlinin liderlər dəstəsində – 2-ci pillədə qərarlaşıb. Xalsız “Çelsi” isə 17-ci pillədədir. Premyer Liqaya 3 xalı 3 cavabsız qolla qazanmış “Brayton” başçılıq edir.