Entso Mareska: “Mixaylo Mudriki dəstəkləyirik”

“Çelsi”nin baş məşqçisi Entso Mareska “zadəgnlar”ın ukraynalı cinah hücumçusu Mixaylo Mudrik haqda söhbət açıb.

Arena.az xatırladır ki, ukraynalı futbolçunun dopinq müayinəsi müsbət nəticə verib və hazırda Mudrik qeyri-müəyyən müddətə futboldan kənarlaşdırılıb.

“Bizim, klubdan açıqlamamız var. Əlavə etmək üçün heç bir xüsusum yoxdur. Biz Mişanı dəstəkləyirik və ona güvənirik. Biz ümumi dəstək təklif edirik. O, “Çelsi”nin futbolçusudur. Onunla əlaqə saxlamaq isə mənim borcumdur”, – jurnalist Ben Ceykobs italyan mütəxəssisdən sitat gətirir.

Daha əvvəl bildirilmişdi ki, Entso Mareska vəziyyətdən xəbərdardır və Mudrikin son oyunlarda komandada olmamasını xəstəlik kimi izah edib. Daha sonra Mudrik poliqraf yoxlamasından keçib və qadağan edilmiş maddənin bədəninə daxil olmasında iştirak etmədiyini bildirib.

Əlavə edək futbolçunun “B” nümanəsinin də müsbət nəticə verəcəyi halda, Mudriki 4 il müddətinə cəza gözləyir.

Mixaylo Mudrik Donetsk “Şaxtyor”unun yetirməsidir. Ukraynalı cinah hücumçusu karyerası ərzində Kiyev “Arsenal”ı və “Desna”da icarə əsasında oynayıb, 2023-cü ilin yanvarında isə 70 milyon avro məbləğ müqabilində “Şaxtyor”dan “Çelsi”yə keçib.

Mudrik cari mövsümdə “zadəganlar”ın heyətində 15 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.

Mudrikin “Çelsi” karyerası ümumilikdə 73 oyun, 10 qol və 9 məhsuldar ötürmədən ibarətdir.

Mudirikin qənimətlər muzeyində “Şaxtyor”la qazandığı Ukrayna çempionluğu və Ukrayna Kuboku var. 2022-ci ildə isə Mudrik Ukraynada ilin futbolçusu seçilib.

Mixaylo Mudrik 2022-ci ilin iyununda debüt etdiyi Ukrayna yığmasının heyətində 28 oyuna 3 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 23 yaşlı ukraynalı sol cinah hücumçusu Mixaylo Mudrikin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın