“Çelsi”nin 44 yaşlı italyan çalışdırıcısı Entso Mareska sentyabr ayında İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib.
Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.
Ötən ay Mareskanın rəhbərliyi altında “Çelsi” Premyer Liqada 4 oyun keçirib, 3 qələbə qazanıb və 1 dəfə heç-heçə edib.
İtalyan mütəxəssis səsvermədə “Arsenal”ın ispan baş məşqçisi Mikel Artetanı, “Liverpul”un niderlandlı çalışdırıcısı Arne Slotu, “Aston Villa”nın ispan “sükançı”sı Unai Emerini “Fulhem”in portuqal baş məşqçisi Marko Silvanı (Fulhem) qabaqlayıb.

Entso Mareska “zadəganlar”ı 2024-cü ilin iyulundan çalışdırır. London təmsilçisinin italyan mütəxəssislə müqaviləsi 2029-cu iliin iyun ayının sonuna qədər qüvvədədir.
Bu müddətdə Mareska “Çelsi”ni 11 oyuna çıxarıb, 7 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət yaşayıb. Mareskanın rəhbərliyi altında “zadəganlar” 28 qol vurub, 12 top buraxıblar.
İngiltərə Premyer Liqasının 7 turundan sonra Mareskanın “Çelsi”si 14 xalla yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Yeri gəlmişkən, İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusu da “Çelsi”li olub. Ötən ayın ən yaxşısı adına London klubunun yarımmüdafiəçisi Kol Palmer layiq görülüb. O, sentyabrda İngiltərə Premyer Liqasında 4 oyuna çıxaraq 5 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub. Palmer sorğuda Harvi Barnsı (“Nyukasl”), Luis Diası (“Liverpul”), Qabrieli (“Arsenal”), Rayan Qravenberxi (“Liverpul”), Raul Ximenesi (“Fulhem”), Duayt Maknili (“Everton”) və Olli Uotkinsi (“Aston Villa”) qabaqlayıb.

Qeyd edək ki, Koul Palmer “Mançester Siti”nin yetirməsidir. İngilis yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro məbləğ müqabilində məhz Mançester klubundan keçib.
Yarımmüdafiəçinin London təmsilçisi ilə müqaviləsi 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 9 oyuna çıxıb, 6 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. Palmer “Çelsi”nin heyətində ümumilikdə 54 oyun keçirib, 31 qol vurub, 20 məhsular ötürmə verib.
Palmer 2023-cü ilin noyabrında debüt etdiyi İngiltərə yığmasında 10 oyuna 2 qol vurub, 1 məhsudlar ötürmə verib.
“Transfermarkt” internet-portalı 22 yaşlı ingilis hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.


