EPFL Birləşmiş Liqanın yaradılması planlarını cavabladı

Avropa Peşəkar Futbol Liqaları Assosiasiyası (EPFL) “A22 Sport Management” şirkətinin Birləşmiş Liqanı işə salması planını cavablayıb.

Arena.az məlumat verir ki, EPFL daha əvvəl Super Liqa adı ilə tanınan yarışla bağlı müvafiq plana dair təşkilatın rəsmi saytında bəyanat yayıb:

“Avropa Peşəkar Futbol Liqaları Assosiasiyası, A22-nin bu həftə verdiyi bəyanatı vurğulayır və təşkilatımızla məsləhətləşmələrin aparıldığına dair hər hansı təklifi rədd edir.

Nə uyğun, nə də davamlı olmayan A22 yarış modeli onsuz da həddən artıq sıx olan təqvimdə beynəlxalq oyunların sayını artıracaq. Beynəlxalq oyunlara yer açmaq üçün liqa yarışlarında yerli klubların sayının azaldılması Avropa Liqaları Assosiasiyası və onun üzvləri üçün heç vaxt məqbul seçim olmayacaq.

Buna görə də Avropa Liqaları və “FIFPro Europe”, Avropa Komissiyasından Beynəlxalq Oyun Təqvimi (IMC) ilə bağlı milli liqaların və oyunçular birliklərinin rəsmi razılığı olmadan heç bir qərarın qəbul edilməməsini təmin etməyi xahiş edib. Biz yerli və beynəlxalq futbol arasında bir-birini tamamlayan və davamlı tarazlığı qorumaq üçün bütün maraqlı tərəflərlə işləməyə davam edəcəyik”, – bəyanatda deyilir.