Erdal Günəş Super Liqa təmsilçisinin baş məşqçisi təyin olundu

Türkiyənin “Qaziantep” klubunun rəhbərliyi komandaya müvəqqəti baş məşqçi təyin olunmuş Erdal Günəş ilə bağlı qərarını verib.

Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi 41 yaşlı mütəxəssislə uzunmüddətli çalışmağa qərar verib.

Bu üzdən də onunla baş məşqçi kimi 2 illik müqavilə imzalanıb. Məlumatı klubun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Erdal Günəş bu vaxta qədər “Qaziantep”də məşqçi kimi fəaliyyət göstərirdi. O, Erol Bulutun yanvar ayında bu komandanın baş məşqçi postundan ayrılmasından sonra müvəqqəti olaraq əsas komandaya rəhbərlik etməyə başlamışdı. Qazianteplilər bu mütxəssisin rəhbərliyi altında Türkiyədəki dəhşətli zəlzələyə qədər 3 matça çıxmış, 2 qələbə qazanmış, 1 məğlubiyyətə üzülmüşdülər.

Sonda onu da qeyd edək ki, “Qaziantep” məhz dəhşətli zəlzələdən ən çox əziyyət çəkən klublardan biri olaraq bu mövsüm Super Liqadan çəkilib. Lakin Türkiyə Futbol Federasiyasının qərarına əsasən, həm “Qaziantep”, həm də eyni qərarı qəbul edən digər elita təmsilçisi – “Hatayspor” növbəti mövsümdən Super Liqadakı çıxışını davam etdirə biləcəklər.