Futbol üzrə İngiltərə millisinin və “Tottenhem”in mərkəz müdafiəçisi Erik Dayer bundan sonra “Bayern”in formasını geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Münhen təmsilçisi 29 yaşlı futbolçunu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Müdafiəçi yeni komandasında 15 nömrəli formanı geyinəcək. Burada o, millidəki komanda yoldaşı Harri Keynlə birgə oynamaq şansı qazanacaq. Hansı ki, onlar vaxtilə “Tottenhem”də də birgə çıxış ediblər. Keyn də “Bayern”ə 2023-cü ilin yayında keçmişdi.
Erik Dayer peşəkar karyerasına Portuqaliyanın “Sportinq” klubunda başlayıb. O, “Tottenhem”ə 2014-cü ilin yayında məhz Lissabon təmsilçisindən, 5 milyon avro qarşılığında gəlib. Dayerin “Tottenhem” karyerası 364 oyun, 13 qol və 12 məhsuldar ötürmədən ibarətdir.
Təcrübəli müdafiəçi 2015-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə millisinin heyətində 49 oyuna çıxıb, 3 qola imza atıb.
“Tottenhem” Dayerin ayrıldığı gündə heyətinə yeni mərkəz müdafiəçisi qatdığını da açıqlayıb. Belə ki, London təmsilçisi İtaliyanın “Cenoa” klubunun və Rumıniya yığmasının üzvü Radu Draquşini transfer edib. İngiltərə klubu bu transfer üçün “Cenoa”ya 25 milyon avro ödəyib. 21 yaşlı futbolçu ilə müddəti 2030-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Radu “Cenoa”ya “Yuventus”dan gəlib. O, Genuya klubunun heyətində 62 oyuna çıxıb, 6 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub. Rumın müdafiəçi daha öncə “Yuventus”, “Salernitana” və “Sampdoriya”da da oynayıb. O, 2022-ci ilin mart ayında debüt etdiyi Rumıniya yığmasında 13 oyun keçirib.
Yeri gəlmişkən, “Tottenhhem” özünün sağ cinah müdafiəçisi Djed Spensi də “Cenoa”ya icarəyə verib. İtaliya klubu 23 yaşlı futbolçunu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.
Spens “Tottenhem”ə 2022-ci ilin iyul ayında “Midlsbro”dan 14,7 milyon avro qarşılığında keçib. Yamaykaəsilli ingiltərəli futbolçu bu komandada cəmi 6 matça çıxıb. Spens “Midlsbro”, “Nottingem Forest”, “Boro”, “Fulhem”, “Renn”, “Lids” kimi klubların da formasını geyinib.
