Erik Lamela – Avropa Liqasında həftənin ən yaxşı oyunçusu!

İspaniyanın “Sevilya” klubunun yarımmüdafiəçisi Erik Lamela Avropa Liqasında həftənin ən yaxşı oyunçusu seçilib. Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bu həftə baş tutan yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına dörd namizəd var idi: İvan Rakitiç, Erik Lamela (hər ikisi “Sevilya”, İspaniya), Nemanya Matiç (“Roma”, İtaliya) və Florian Virts (“Bayer”, Almaniya).

UEFA-nın rəsmi saytına azarkeşlər arasında keçirilən səsvermənin yekununda argentinalı yarımmüdafiəçi hamını qabaqlayıb. O, buna İtaliyanın “Yuventus” komandası ilə ev oyununda qələbə qolunu vurmaqla nail olub. Lamela komandasının digər qolunun da məhsuldar ötürməsini verib.

Lamelanın komandası isə bu oyunda 2:1 hesablı qələbə qazanmaqla Avropa Liqasının finalına yüksəlib. Bu komandalar arasında Turində baş tutan ilk oyunda isə 1:1 hesablı heç-heçə qeydə alınmışdı.

“Sevilya” Avropa Liqasının finalında İtaliyanın “Roma” komandası ilə qarşılaşacaq. Bu komandalar arasındakı həlledici qarşılaşma mayın 31-də keçiriləcək. Macarıstanın paytaxtı Budapeşt şəhərindəki “Puşkaş Arena”da baş tutacaq oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Sonda onu da xatırladaq ki, Erik Lamela 2021-ci ilin iyul ayında İngiltərənin “Tottenhem” klubundan azad agent kimi “Sevilya”ya keçib. 31 yaşlı sağ cinah vingeri indiyə qədər La Liqa təmsilçisinin heyətində 68 oyuna çıxıb, 12 qol vurub, 6 asistlə yadda qalıb.

Argentinalı futbolçu daha öncə “Tottenhem” (257 oyun, 37 qol, 47 asist), “Roma” (67 oyun, 21 qol, 13 asist) və “River Pleytd”də (36 oyun, 4 qol, 6 asist) də forma geyinib. O, Argentina millisində də 25 oyun keçirib, 3 qol vurub.