Erik Şupo-Motinq “Bayern”lə yeni müqavilə bağladı

Futbol üzrə Kamerun milli komandasının hücumçusu Erik Şupo-Motinq Almaniyanın “Bayern” klubu ilə yeni müqaviləyə imza atıb. Arena.az xəbər verir ki, bu barədə Bundesliqa nəhənginin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 33 yaşlı forvard yeni müqaviləyə əsasən, 2024-cü ilin 30 iyununa kimi Almaniya klubunda qalacaq. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti bu mövsümün sonuna qədər idi.

Erik Şupo-Motinq 2020-ci ilin oktyabr ayından “Bayern”in uğurları üçün çalışır. 33 yaşlı futbolçu bu komandanın heyətində meydana çıxdığı 82 oyunda 33 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub. Kamerunlu hücumçu bu mövsüm meydana çıxdığı 24 oyunda 15 qol vurub. Almaniya vətəndaşlığına da malik olan futbolçu karyerası ərzində daha öncə “Hamburq”, “Maynts”, “Şalke”, “Stok Siti” və PSJ klublarında forma geyinib. O, Kamerun milli komandasında da 73 matça çıxıb, 21 qola imza atıb.