Erik ten Haq: “Belə bir zəmanətə ehtiyacım yoxdur”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq kluba kənar təsirlərdən və “qırmızı şeytanlar”ın sükanı arxasında gələcəyi haqda danışıb.

Arena.az “Voetbal International” dərgisinə istinadən məlumat verir ki, niderlandlı mütəxəssis kənar təzyiqlər mənzərəsində “qırmızı şeytanlar”ın bir çox məqamlara hazır olmadığı qənaətindədir:

“Biz burada nəsə qurmağa başlamalıydıq, keçən il isə biz artıq ilk addımları atdıq. Ancaq sonra məlum olur ki, bu klub o qədər böyükdür ki, heç kim heç vaxt onda baş verənlərdən razı deyil. Klubun içində insanlar xoşbəxt idilər, amma çöldə çox səs-küy vardı və mənim yalnız Liqa Kubokunu qazandığım, həmçinin İngiltərə Kubokunun finalında uduzduğum və üçüncü yeri tutduğum barədə söz-söhbətə başladılar. Bu vəziyyətdə, sizin gerçəklik hissiniz yox olur. Digər klubların daha yaxşı heyəti var”, deyə Ten Haq bildirib.

“Mançester Yunayted” sonuncu dəfə 2013-cü ildə, 11 il əvvəl liqanın qalibi olub. Amma yenə də hər oyunda qalib gələcəyimizi və zirvədə olmağımızı gözləyirlər. Bu klub buna hazır deyil”, deyə niderlandlı mütəxəssis əlavə edərək, vurğulayıb.

Həmçinin Erik Ten Haq “qırmızı şeytanlar”ın düşərgəsində öz gələcəyi ilə bağlı məqama da toxunub. O, etiraf edib ki, klub rəhbərliyindən, qovulmayacağına dair heç bir zəmanət almayıb amma bununla belə, qarşıdakı mövsüm haqda düşünür:

“Mənə “Mançester Yunayted”də qalacağıma dair zəmanət veriblərmi? Buna gərək yoxdur. Biz növbəti mövsümü birlikdə keçirməyi planlaşdırırıq”, deyə niderlandlı mütəxəssis bildirib.

“Bazar günü tətilə gedəcəyəm”

Vurğulayaq ki, son günlərdə, Erik ten Haqın bu gün, mayın 25-də İngiltərə Kubokunun “Mançester Siti” ilə final oyunundan sonra istefaya göndəriləcəyi haqda məlumat yayılıb. Jurnalsit Riç Fey niderlandlı mütəxəssisin bu xüsusda xəbərlərə cavabını təqdim edib:

“Gələn həftə danışıqlar olacaqmı? Xeyr, klubla mən artıq hər şeyi müzakirə etmişik və bazar günü tətilə gedəcəyəm. Düşünürəm ki, buna layiqəm”, deyə niderlandlı mütəxəssis bildirib.

Bəzi dərgilər Ten Haqın hansı tətildən danışdığı haqda düşünmək gərək olduğu qənaətindədirlər. Vurğulanır ki, niderlandlı mütəxəssis özünü sındırmaq istəmədiyi üçün diplomatik cavabla ağrılı sualdan yayınmaq istəyib, tətil isə – uzunmüddətli olaraq başa düşülməlidir, yəni birdəfəlik – istefa.

Erik ten Haq “Mançester Yunayted”in sükanı arxasına 2022-ci ilin iyulunda “Ayaks”dan keçib. Ten Haqın “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ümumilikdə 54 yaşlı mütəxəssis “qırmızı şeytanlar”la bütün yarışlarda 113 oyun keçirib, 67 qələbə, 15-də heç-heçə, 31 məğlubiyyət yaşayıb. Niderlandlı mütəxəssisin rəhbərliyi altında İngiltərə nəhəngi 205 qol vurub, 155 qol buraxıb.

Cari mövsün digər yarışlarında Ten Haq uğursuzluğa düçar olub. “Mançester Yunayted” Çempinlar Liqasını qrup sonuncusu olaraq tərk edib, İngiltərə Liqa Kubokunu əldən verib. Premyer Liqada isə 38 oyundan 60 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 8-ci pilləsində qərarlşıblar ki, bu da klub tarixinin ən uğursuz nəticəsi olmaqla yanaşı, heç avrokuboklara da vəsiqə vermir.

Niderlandlı mütəxəssis özünün “qırmızı şeytanlar”ı ilə birlikdə indi gözlərini İngiltərə Kubokuna dikiblər.

Xatırladaq ki, bu gün, mayın 25-də Erik ten Haqın “Mançester Yunayted”i İngiltərə Kubokunun final oyunu çərçivəsində əzəli rəqibi “Mançester Siti” ilə derbidə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.