“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 27-ci turunda “Mançester Siti”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az BBC-yə istinadən xəbər verir ki, holland mütəxəssis 1:3 hesabıyla uduzduqları matçdan sonra bunları dilə gətirib:
“Ümumilikdə yaxşı çıxış etdik. Hesabı tez açdıq və ikinci qolu vurmaq üçün hər imkanımız oldu. Müdafiə olunmağımız mənim xoşuma gəldi. Ancaq buraxılmış ilk qoldan sonra məyusluq gəldi, bunu etiraf etməliyik. Amma yenə də ən azı bir xal qazanmaq imkanımız vardı, qələbə də mümkün idi.
Meydanın ortasını və öz cərimə meydançamızı çox yaxşı qapayırdıq. Uşaqlar plana müvafiq davrandılar və “Mançester Siti”nin qapıçısını ehtiyatsız hərəkət etməyə məcbur etdilər (Edersonun öz cərimə meydançasında “Mançester Yunayted”in vingeri Alexandro Qarnaçoya sürüşmə fəndini tətbiq etdiyi məqam – redaktorun qeydi), amma bu hücumdan sonra dərhal özümüz qol buraxdıq”, deyə Erik ten Haq təəssüflə bildirib.
Qələbə sayəsində “şəhərlilər” 62 xalla 1 xal geri qaldıqları lider “Liverpul”u təqib etməkdə davam edirlər. “Mançester Yunayted” isə 44 xalla 6-cı pillədə qərarlaşıb.