Erik ten Haq: “Bütün mövqeləri gücləndirmək arayışındayıq”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komanda heyətinin cari yay transfer pəncərəsində təkmilləşdirilməsi haqda danışıb.

Arena.az məlumat verir ki, niderlandlı mütəxəssis “qırmızı şeytanlar”ın qüvvətləndirməyə ehtiyacı olduğu mövqelər, komandanının mümkün yeni trasnferlərə ehtiyacı və “vuran ayağ”ın kimliyi haqda sualları cavablayıb:

“Biz bütün mövqelərdə güclənmək üçün oyunçular axtarışındayıq. Komandanın taraz olduğundan əmin olmaq məqsədilə heyət üzərində işləmək üçün bir plana ehtiyacımız var”, – məşhur italyan jurnalist-insyder Fabritsio Romano Erik ten Haqdan sitat gətirir.

“Mən komandanın mümkün qədər güclü olmasını istəyirəm. Biz artıq iki çox yaxşı keçidi icra etmişik (fransalı mərkəz müdafiəçisi Leni Yoro və niderlandlı mərkəz hücumçusu Coşua Zirkze – redaktorun qeydi), ona görə də hamı hazır olduqda hər kəsi məğlub edə biləcək komandamız var. Amma heyəti gücləndirməklə yanaşı, zədəlilər çox olduğundan, itirdiyimizin əvəzini də çıxmalıyıq. Yeni mövsümdə ixtiyarımızda ən güclülər qalacaqlar”, – jurnalist Kris Uiler Erik ten Haqdan sitat gətirir.

Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”ın ingilis vingeri Markus Raşforda “vuran ayaq” nöqteyi-nəzərindən ümidvar olduğunu da bildirib:

“Mən əminəm və yüz faiz inanıram ki, Markus Raşford iki il əvvəl etdiyini təkrarlaya bilər (30 qol vura bilər – redaktorun qeydi). O, buna qadırdir”, – deyə Erik ten Haq bildirib.

Xatırladaq ki, hazırda, “Mançester Yunayted” mövsümöncəsi hazırlıq məqsədilə Amerika Birləşmiş Ştatlarında (ABŞ) səfərdədir. “Qırmızı şeytanlar” burada “Arsenal” (London), “Betis” və “Liverpul”la yoxlama oyunlarında da qüvvəsini sınayacaq.