Erik Ten Haq: “De Xeanın əsas qapıçı olacağını deyə bilmərəm”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın qapıçısı David de Xeanın komandadakı gələcəyinə dair fikir bildirib.

Arena.az xəbər verir ki, holland mütəxəssis “The Times”a müsahibəsində bunları söyləyib:

“De Xea komandada qalacaq. Amma onun komandanın əsas qapıçısı roluna baş namizəd olacağını deyə bilmərəm. Mən bunu ona görə deyirəm ki, “Mançester Yunayted” kimi bir klubda bütün mövqelərdə həmişə rəqabət olmalıdır”.

Erik ten Haq qapıçının ən zəif cəhəti kimi ayaqlarla yaxşı oynaya bilməməsini göstərib: “Ayaqlarla oyun – bu, yalnız mənim şıltaq istəyim deyil, bu, müasir futbolun tələbidir. Ən böyük komandaları izləyirsinizsə, görərsiniz ki, onlar müdafiədən oynamağı və qapıçısını müdafiədə əlavə futbolçu kimi oynatmağı bacarırlar. Əks halda rəqiblərin sizin komandanıza təzyiq göstərməsi çox asandır. De Xea bu işdə daha yaxşı olmalı idi və bir sıra oyunlarda o, tərəqqi nümayiş etdirdi”.

Xatırladaq ki, de Xea cari mövsüm ərzində ümumilikdə 57 dəfə “Mançester Yunayted” formasında meydana çıxıb və 59 qol buraxıb. 25 oyunda isə o, qapısını toxunulmaz saxlamağı bacarıb. Nəticədə ispan qolkiper Premyer Liqada 2022/2023 mövsümünün ən yaxşı qapıçısı elan edilib və “Qızıl əlcək” mükafatına layiq görülüb.

David de Xea “Mançester Yunayted”ə 2011-ci ilin iyul ayında Madrid “Atletiko”sundan 25 milyon avro qarşılığında keçib. 32 yaşlı qolkiper indiyə qədər “qırmızı şeytanlar”ın heyətində 544 oyuna çıxıb, 588 qol buraxıb. O, 190 matçda da qapısını toxunulmaz saxlamağı bacarıb. De Xea İspaniya milli komandasında da 45 oyun keçirib.