“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunun “Fənərbaxça” ilə oyununu (1:1) şərh edib.
Arena.az BBC-yə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Fənərbaxça” çox yaxşı klubdur, yaxşı azarkeşləri və yaxşı oyunçuları var. Bu, çox yaxşı bir final oyunu olardı. Birinci hissədə topa daha yaxşı nəzarət etməli və daha çox qol vurmalı idik, amma insafən, onlar da yaxşı fürsətlər yaratdılar. Bizə müəyyən fəsadlar yaşatdılar. Bu, yaxşı məşqçisi olan yaxşı komandadır. Bununla belə, biz qələbə qazanmaq istəyirdik. Hər oyunda qələbə qazanmaq istəyirik”, deyə Ten Haq vurğulayıb.
Erik ten Haq “qırmzı şeytanlar”ın Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq üçün nəyə ehtiyacı olduğunu da açıqlayıb:
“Yarışda irəliləmək üçün ev oyunlarında qalib gəlmək lazımdır”, deyə təcrübəli mütəxəssis bildirib.
“Mançester Yunayted”in qapıçısı Andre Onana da “Fənərbaxça” ilə oyundakı heç-heçədən danışıb. Kamerunlu qapıçının bu barədə fikrini təqdim edirik:
“Bu, mənim və azarkeşlər üçün, klub üçün böyük məyusluqdur. “Mançester Yunayted”in oyunçusu kimi, sən qalib gəlməyə çalışmalısan. Qalib gəlmədik, amma ən azı, məğlub da olmadıq. Əlbəttə, bu, sevindirici deyil, amma biz davam edirik və məsuliyyəti də öz üzərimizə götürürük”.
Qeyd edək ki, Onana bu oyunda bir neçə kritik qurtarışı ilə komandasının səfərdən 1 xalla dönməsində əsas pay sahiblərindən biri olub.
3 turdan sonra “Mançester Yunayted” 3 xalla Avropa Liqasının Liqa mərhələsinin yarış cədvəlində 22-ci pillədə qərarlaşıb. “Fənərbaxça” isə 5 xalla 14-cü yerdədir.


