“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Kubokunun finalında “Mançester Siti”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, holland mütəxəssis 1:2 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:
“Mançester Siti”ni kuboku qazanması münasibətilə təbrik edirəm. Yaxşı mübarizə apardıq, meydanda çox mütəşəkkil fəaliyyət göstərirdik. Bizi məğlub etmək çətin oldu. Hazırda dünyanın ən yaxşı komandasına qarşı oyunda mübarizə üçün rəqibə az boş ərazi üstünlüyü verdik.
Erkən qoldan sonra geri dönüş etdik və bəlkə də dünyada “Mançester Siti”yə qarşı mübarizə aparmağa qadir olan yeganə komandayıq. Erkən qoldan sonra oyun çətinləşir, anaq bundan sonra bir daha bizim mentalitetimizi, xarakterimizi görmək olardı. Biz təmkinimizi saxladıq.
Topla daha yaxşı rəftar edə bilərdik, bilirəm. Amma bu, bizim növbəti addımımız olacaq. Düşünürəm ki, bu gün bizi tənqid etmək olmaz, biz əla oyun keçirdik və mövsüm də əla alındı”.
Xatırladaq ki, “Mançester Siti” İngiltərə Federasiya Kubokunun finalında əzəli rəqibi “Mançester Yunayted” üzərində qələbə qazanmaqla turnirin yeddiqat qalibi adını rəsmiləşdirib.
Erik ten Haq isə “Mançester Yunayted”lə ilk mövsümündə İngiltərə Liqa Kubokunun qalibi olub.


