Erik ten Haq: “İndi MY İngiltərə nəhəngləri ilə rəqabətə qadirdir”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın İngiltərə Premyer Liqasındakı rəqabət qabiliyyətindən söhbət açıb.

Arena.az “The Guardian” nəşrinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz itirdiklərimizi təzmin etmişik və İngiltərənin ən yaxşı komandaları ilə rəqabət aparmağa qadirik. Sonra sən dünyanın ən yaxşı – açıq-aşkar çox yaxşı komanda olan “Real” kimi komandaları ilə rəqabət aparmağa çalışırsan. Amma İngiltərə Premyer Liqası çox yüksək səviyyədədir və biz onlarla rəqabətə qadirik, bu, çox yaxşıdır. Amma indi bizim vəzifəmiz bunu daha sabit surətdə icra etməkdir. Mənə elə gəlir ki, biz indi yeni aparıcılar dəstəsi, yeni məşqçilər qərargahı və komandaya gəlmiş yeni oyunçularla təməl qurmuşuq”, deyə Erik ten Haq fikrini ifadə edib.

Xatırladaq ki, geridə qalmış 2023/2024-cü illər mövsümünün əksər yarışlarında Ten Haq uğursuzluğa düçar olub. “Mançester Yunayted” UEFA Çempinlar Liqasını qrup sonuncusu olaraq tərk edib, İngiltərə Liqa Kubokunu əldən verib. Premyer Liqada isə 38 oyundan 60 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıblar ki, bu da klub tarixinin ən uğursuz nəticəsi olmaqla yanaşı, heç avrokuboklara da vəsiqə verməyib.

Əvəzində, niderlandlı mütəxəssis özünün “qırmızı şeytanlar”ı ilə birlikdə qarşısına qazanmağı məqsəd qoyduğu İngiltərə Kubokunda qalibiyyətə nail olub. “Mançester Yunayted” əzəli rəqibi “Mançester Siti”ni 2:1 hesabı ilə məğlub edə bilib. Bu zəfər isə “Mançester Yunayted”ə növbəti, 2024/2025-cü illər mövsümündə Avropa Liqasında iştirak hüququ verib.