Erik ten Haq: “Kazemiro bizə mütləq lazımdır”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın braziliyalı dayaq yarımmüdafiəçisi Kazemiro haqda danışıb.

Arena.az xəbər verir ki, niderlandlı mütəxəssis braziliyalı “dayaqçı”nın bu mövsümün əvvəlindəki oyun səviyyəsi ilə bağlı fikrini paylaşmaqla yanaşı, Kazemiroya inandığını ifadə edib:

“Kazemiro bizə mütləq lazımdır. Əlbəttə, onunla ünsiyyət qururam. Ancaq hər kəsin pis günü ola bilər. O, təcrübəlidir və mən onun ilk dəfə pis oynadığını düşünmürəm. İndi o, bu dövrü keçməlidir. Amma bu, adi bir haldır, çünki eniş-yoxuşlar olur. O, bunun öhdəsindən necə gələcəyini bilir. Elə bir insan yoxdur ki, onun karyerası ancaq yüksəlişlə davam etsin”, deyə Erik ten Haq vurğulayıb.

Xatırladaq ki, Kazemiro “Mançester Yunayted”ə 2022-ci ilin avqustunda 70,65 milyon avro məbləğ müqabilində “Real”dan keçib. Braziliyalı “dayaqçı”nın “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Kazemiro bu mövsüm 5 oyuna çıxıb və fərqlənə bilməyib. Onun “Mançester Yunayted” karyerası ümumilikdə 88 oyun, 12 qol və 9 məhsuldar ötürmədən ibarətdir. Braziliyalı futbolçu “qırmızı şeytanlar”la 2022/2023-cü illər mövsümündə İngiltərə Liqa Kubokunun və 2023/2024-cü illər mövsümündə İngiltərə Kubokunun qalibi olub.

Kazemiro 2011-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya yığmasının heyətində 75 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.