Erik ten Haq: “Kazemiro karyerasında hər şeyi qazanıb”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq azarkeşlərin ciddi tənqidlərinə məruz qalmış Kazemiroya dəstək nümayiş etdirib.

Arena.az xatırladır ki, “Mançester Yunayted”in azarkeşləri Premyer Liqanın 3-cü turu çərçivəsində baş tutmuş “Liverpul”la oyunun ilk yarısında braziliyalı yarımmüdafiəçinin çıxışını tənqid ediblər.

“Qırmızı şeytanlar”ın tərəfdar ordusu braziliya futbolçuya növbəti ismarışları ünvanlayıb:

– Kazemiro, sənin oyunun bitib;
– Kazemironun iki səhvi – Diasın iki qolu;
– Kazemiro, çıx get. Onunla müqaviləni elə indi ləğv edin.

Xatırladaq ki, bu oyunda “Mançester Yunayted” “Old Trafford”da 0:3 hesabı ilə məğlub olub. Baş məçqçi Erik Ten Haq isə oyunun fasiləsində braziliyalı futbolçunu əvəzləyib. Niderlandlı mütəxəssis matçdan sonra futbolçuya belə dəstək olub:

“Kazemironu kənarlaşdırdım, çünki “Liverpul” kimi rəqibə 0:2 hesabı ilə uduzurduq. Biz risk etməli olduq, çünki geri-dönüşlə oyunu qazanmaq istəyirdik. O, karyerasında hər şeyi qazanıb. Əminəm ki, o, bundan sonra da komandamıza töhfə verəcək”, deyə Ten Haq vurğulayıb.

Kazemiro “Mançester Yunayted”ə 2022-ci ilin avqustunda 70,65 milyon avro məbləğ müqabilində “Real”dan keçib. Braziliyalı “dayaqçı”nın “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Kazemiro bu mövsüm 4 oyuna çıxıb və fərqlənə bilməyib. Onun “Mançester Yunayted” karyerası ümumilikdə 87 oyun, 12 qol və 9 məhsuldar ötürmədən ibarətdir. Braziliyalı futbolçu “qırmızı şeytanlar”la 2022/2023-cü illər mövsümündə İngiltərə Liqa Kubokunun və 2023/2024-cü illər mövsümündə İngiltərə Kubokunun qalibi olub.

Kazemiro 2011-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya yığmasının heyətində 75 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.