Erik ten Haq Kazemironun müdafiəsinə qalxdı

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq bu mövsüm tənqid edilən braziliyalı yarımmüdafiəçi Kazemironun müdafiəsinə qalxıb.

Arena.az niderlandlı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu mövsüm o, karyerasında heç vaxt almadığı ciddi zədənin öhdəsindən gəldi. Amma Kazemiro həmişə qalib gəlir. İnanıram ki, o, uğur qazanacaq. Onun daha yaxşı olacağını bilirəm. Mən ona hədsiz dərəcədə güvənirəm. Kazemiro döyüşçüdür”, deyə Erik ten Haq qətiyyətlə bildirib.

Xatırladaq ki, Kazemiro “Mançester Yunayted”ə 2022-ci ilin avqustunda 70,65 milyon avro müqabilində “Real”dan keçib. Braziliyalı “dayaqçı”nın “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kazemiro “Mançester Yunayted”in heyətində bütün yarışlarda 26 oyuna çıxıb. O, bu görüşlərdə 5 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Buna baxmayaraq, ingilis azarkeşlər braziliyalı futbolçunun çıxışından elə də məmnun deyillər və zaman-zaman onun ünvanına tənqidi fikirlər səsləndirirlər.

Kazemironun “Mançester Yunayted” karyerası ümumilikdə 77 oyun, 12 qol və 9 məhsuldar ötürmədən ibarətdir. Braziliyalı futbolçu “qırmızı şeytanlar”la ötən mövsüm İngiltərə Liqa Kubokunun qalibi olub.

Yarımmüdafiəçi “Mançester Yunayted” və “Real”dan başqa “San Paulo” və “Portu”da da forma geyinib.

Kazemiro 2011-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya yığmasının heyətində 75 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.