“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq braziliyalı dayaq yarımmüdafiəçisi Kazemironun satışı ilə bağlı şayiələri cavablayıb.
Arena.az “Metro” dərgisinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Ümidvaram ki, hazırda komandada oynamaq istəyən bütün oyunçularımız öz töhfələrini verməyə davam edəcəklər. Artıq Kazemironun karyerasında uğurlu olduğunu görə bilirdik. Keçən mövsüm o, əldə etdiyimiz uğurları qazanmaqda bizim üçün çox vacib idi. Bu baxımdan, o, formada olanda, “Mançester Yunayted” üçün son dərəcə vacib oyunçudur”, deyə Erik ten Haq vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl mətbuatda, Səudiyyə Ərəbistanı klublarının braziliyalı futbolçunun xidmətində maraqlı olduğu barədə məlumat yayılmışdı.
Vurğulayaq ki, “qırmızı şeytanlar”ın azarkeşləri braziliyalı futbolçunun çıxışından elə də məmnun deyillər. İngilis azarkeşlər zaman-zaman onun ünvanına tənqidi fikirlər səsləndirirlər.
Kazemiro “Mançester Yunayted”ə 2022-ci ilin avqustunda 70,65 milyon avro məbləğ müqabilində “Real”dan keçib. Braziliyalı “dayaqçı”nın “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Artıq geridə qalmış 2023/2024-cü illər mövsümündə Kazemiro “Mançester Yunayted”in heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 5 qol vurub, 3 məhsuldar ötürmə verib.
Kazemironun “Mançester Yunayted” karyerası ümumilikdə 83 oyun, 12 qol və 9 məhsuldar ötürmədən ibarətdir. Braziliyalı futbolçu “qırmızı şeytanlar”la 2022/2023-cü illər mövsümündə İngiltərə Liqa Kubokunun və 2023/2024-cü illər mövsümündə İngiltərə Kubokunun qalibi olub.
Kazemiro 2011-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya yığmasının heyətində 75 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.