Erik Ten Haq: “Komandam tərifə layiqdir”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 38-ci turu çərçivəsində “Fulhem” üzərində qazandıqları qələbəni şərh edib.

Arena.az xəbər verir ki, Niderlanddan olan mütəxəssis 2:1 hesablı qələbə ilə yanaşı, mövsümdəki nəticəsinə də baxışını açıqlayıb.

Ten Haq komandasının nəticələrindən razılıqla danışıb: “Düşünürəm ki, “Fulhem”lə oyunda biz üç xala layiq idik. Çoxsaylı vəziyyətlər yaratdıq. Mən qələbəyə və turnir cədvəlindəki üçüncü sıraya görə şadam. Mövsüm ərzində 27 ev oyununda qalib olmaq (bütün turnirlərdə) böyük nailiyyətdir. Mövsümün əvvəli bizim üçün ağır oldu. Ancaq biz komanda və fərdi səviyyədə artırdıq.

İlk dördlük uğrunda mübarizədə rəqiblər kifayət qədər çoxdur və komandam bu dördlükdə yer aldığı üçün tərifə layiqdir”.

Xatırladaq ki, “Mançester Yunayted” Premyer Liqanın yekununa əsasən 75 xalla üçüncü sırada qərarlaşıb. “Qırmızı şeytanlar” növbəti mövsümdə UEFA Çempionlar Liqasında iştirak edəcək.

Erik ten Haq 2022-ci ilin iyul ayından “Mançester Yunayted”ə rəhbərlik edir. O, bu komandanı bütövlükdə 61 oyuna çıxarıb. “Qırmızı şeytanlar” bu görüşlərdə 42 qələbə qazanıblar, 8 heç-heçə və 11 məğlubiyyət görüblər. 53 yaşlı mütəxəssis daha öncə ölkəsində “Ayaks”, “Utrext” və “Qou Ehed İqlz” komandalarına da rəhbərlik edib.