“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq onun futbol fəlsəfəsinə təsir etmiş mütəxəssislərdən söhbət açıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Biz fəal, hərəki oynamaq, meydanda üstünlük saxlamaq istəyirik. Hər oyunda bunu etməyə çalışırıq. Oyunun hər baxışında. Mənim üslubuma təsir etmiş bir neçə məşqçi olub. Bu həm Rinus Mixels, həm də Kes Reyversdir. Mixels bütün Niderland futboluna böyük təsir göstərib, o, fəal oyun tərzini aşıladı. Əlbəttə, Yohan Kroyf. O, həm futbolçu, həm də məşqçi kimi öz töhfəsini verib. Sonra Lui van Qal. Onların hamısı fəal, hərəki futbolu sevirdilər”, deyə Ten Haq vurğulayıb.
Erik ten Haq “Mançester Yunayted”i 2022-ci ilin iyul ayından çalışdırır. Ten Haq “qırmızı şeytanlar”ı indiyə qədər 121 oyuna çıxarıb, 71 qələbə, 16 heç-heçə, 34 məğlubiyyət yaşayıb. Topların fərqi isə 226:169 nisbətindədir.
Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.
Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”la İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb.
Cari mövsüm İngiltərə Premyer Liqasında Ten Haqın “Mançester Yunayted”i 7 xalla 11-ci pillədə qərarlaşıb.