Erik ten Haq “Mançester Yunayted”dən qovuldu – Rəsmi

Niderlandlı futbol mütəxəssisi Erik ten Haq İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi postundan qovulub.

Arena.az bu barədə Premyer Liqa nəhənginin rəsmi saytına istinadən xəbər verir.

“Biz Erikə klubda olduğu müddətdə etdiyi hər şeyə görə minnətdarıq. Ona gələcəkdə ən yaxşısını diləyirik”, – “qırmızı şeytanlar”ın mətbuat xidmətindən bildirilib.

Vurğulanır ki, Ten Haqın istefaya göndərilməsi klubun idarə heyətinin bütün üzvlərinin yekdil rəyi əsasında gerçəkləşib ki, bu məqam da niderlandlı mütəxəssisin öz etimadını tamamilə itirdiyi deməkdir.

Niderlandlı mütəxəssisi həmyerlisi əvəz edib. Komandanın müvəqqəti baş məşqçisi Rud van Nistelroy olacaq:

“Rud van Nistelroy cari qərargahın dəstəyi altında, klub daimi baş məşqçi seçənədək, komandaya müvəqqəti baş məşqçi kimi rəhbərlik edəcək”, – klubun mətbuat xidməti bildirib.

Qeyd edək ki, Van Nistelroy elə, Ten Haqın məsləhəti əsasında, cari ilin iyulunda “Mançester Yunayted”in məşqçilər qərargahına cəlb edilmişdi.

Xatırladaq ki, Erik ten Haq 2022-ci ilin iyul ayından “Mançester Yunayted”i çalışdırırdı. Ten Haq “qırmızı şeytanlar”ı bütövlükdə 128 oyuna çıxarıb, 72 qələbə, 20 heç-heçə, 36 məğlubiyyət yaşayıb. Topların fərqi isə 234:180 nisbətindədir.

Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlamışdı. Halbuki, elə həmin dövrdə də niderlandlı məşqçinin işindən narazılıqlar var idi. Amma klub rəhbərliyi bu addımı ilə baş məşqçiyə dəstəyini nümayiş etdirmişdi. Göründüyü kimi, klub rəhbərliyinin Ten Haqa dəstəyi özünü doğrultmayıb, əksinə komandanı daha da geri salıb.

“Sky Sports” vurğulayır ki, Ten Haqın istefasına yol açmış amillərdən biri də, niderlandlı mütəxəssisin elə, öz imzaladığı futbolçuların oyun keyfiyyətini yaxşılaşdıra bilməmək bacarığı ilə əlaqədardır.

Ötən gecə “Mançester Yunayted”in səfərdə “Vest Hem”ə 1:2 hesablı məğlubiyyəti klub rəhbərliyinin də səbr kasasını daşırıb. Nəticədə baş məşqçinin istefası barədə qərar qəbul olunub.

Niderlandlı mütəxəssis fəaliyyəti dövründə “qırmızı şeytanlar”la İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb.

Premyer Liqanın cari mövsümünün geridə qalmış 9 turunda 11 xal toplamış (3 qələbə, 2 heç-heçə, 4 məğlubiyyət) “Mançester Yunayted” yarış cədvəlində 14-cü pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: