“Mançester Yunayted”in baş məşqçisi, niderlandlı mütəxəssis Erik ten Haq “qırmızı şeytanlar”ın əsas fəsadından söhbət açıb.
Arena.az “Goal” dərgisinə istinadən, niderlandlı mütəxəssisin bu barədə qənaətini təqdim edir:
“Qollar vurmurlar. Fəsad budur, əsas olanı – komanda olaraq daha çox qol vurmaqdır. Komandamızda qol vurmağı bacaran oyunçularımız var, bu, göz qabağındadır. Yaratdığımız bütün fürsətləri görürsünüz, amma biz kifayət qədər qol vurmuruq”, deyə Erik ten Haq çarəsizcə vurğulayıb.
İngiltərə Premyer Liqasının 5 turu ərzində ölkənin futbol nəhəngi adını daşıyan “Mançester Yunayted” cəmi 5 qol vurub. Maraq üçün əlavə edək ki, Premyer Liqanın zirzəmisində küllənən “Vulverhempton” və “Everton” da eyni miqdarda qol vurublar.
5 turdan 7 xal toplamış “Mançester Yunayted” Premyer Liqasının yarış cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
“Qırmızı şeytanlar” o qədər dişsiz futbol oynayılar ki, Avropa Liqasının ümumi mərhələsinin 1-ci turu çərçivəsində “Old Trafford”da “Tvente”yə bata bilməyiblər – 1:1.