Erik ten Haq Meyson Mauntun müdafiəsinə qalxdı

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Meyson Mauntun ötən mövsümdəki çıxışını tənqid edənlərdən futbolçunu müdafiə edib.

Arena.az niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Onun ilk mövsümünü mühakimə edə bilməzsiniz, çünki o, zədələnmişdi. Amma sağalanda bizim üçün çox yaxşı oyunçu olacaq və onun xidmətindən istifadə edə biləcəyik”, deyə Erik ten Haq bildirib.

Meyson Maunt “Çelsi”nin yetirməsidir. İngilis yarımmüdafiəçi “Mançester Yunayted”ə 2023-cü ilin iyul ayında 64,2 milyon avro müqabilində elə, “zadəganlar”ın düşərgəsindən keçib. Mauntun “qırmızı şeytanlar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

2023/2024 mövsümündə Maunt “Mançester Yunayted”in heyətində 20 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə verib.

Meyson karyerası ərzində “Derbi Kaunti”, “Vitess” kimi klublarda da forma geyinib.

Maunt 2019-cu ilin sentyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 36 oyuna 5 qol, eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 25 yaşlı Meyson Mauntu 35 milyon avro məbləğində qiymətləndirir.