Erik ten Haq: “MY-dən qovulmaq haqda düşünmürəm”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın sükanı arxasından qovulmaq haqda düşünmədiyini bildirib.

Arena.az məlumat verir ki, Premyer Liqanın 6-cı turunda evdə “Tottenhem”ə 0:3 hesablı məğlubiyyətdən sonra, niderlandlı mütəxəssisin ünvanına tənqid seli dayanmaq bilmir.

Bununla belə, Ten Haq iti axının ortasında nəhəng qaya parçası kimi mövqe tutub:

“Mən qovulmaq barədə düşünmürəm. Yayda idarəçilər, klub sahibləri və mən birlikdə işləməyə davam etmək qərarına gəldik. “Mançester Yunayted”in təşkilat olaraq hansı dəyişikliklərə ehtiyacı olduğunu və komandanı necə quracağını anlamaq üçün hərtərəfli təhlil apardıq. Bütün qərarlar birgə qəbul edilib, baxmayaraq ki, bunun vaxt aparacağını başa düşdük. Biz hamımız eyni gəmidəyik – sahiblər də, idarə heyəti də, komanda heyəti və oyunçular da”, – jurnalist Lauri Uituell niderlandlı mütəxəssisdən sitat gətirir.

6 turdan 7 xal toplamış “Mançester Yunayted” Premyer Liqanın yarış cədvəlində 12-ci pillədə qərarlaşıb.

Erik ten Haq “Mançester Yunayted”i 2022-ci ilin iyul ayından çalışdırır. Ten Haq “qırmızı şeytanlar”ı indiyə qədər 123 oyuna çıxarıb, 71 qələbə, 17 heç-heçə, 35 məğlubiyyət yaşayıb. Topların fərqi isə 227:173 nisbətindədir.

Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.

Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”la İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: