Erik ten Haq: “MY fəal, cəld və çox aqressiv oynamalıdır”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın yeni mövsümdə hansı üslubda oynamalı olduğunu açıqlayıb.

Arena.az “Mançester Yunayted”in rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz öncədən düşünməli, fəal, çox aqressiv oynamalıyıq, hücumda olmağımızın və ya müdafiə olunmağımızın isə fərqi yoxdur. Biz çox aqressiv fəaliyyət göstərməliyik, bunun üçün isə müəyyən vəziyyətlərdə təpkiyə başlamalıyıq və hamı bir dalğaya köklənməlidir. Bütün bunlar, üstəgəl cəldlik topa sahib olmaqda bizə kömək edəcək və biz bunu komanda olaraq icra etməliyik”, deyə Ten Haq vurğulayıb.

Xatırladaq ki, geridə qalmış 2023/2024-cü illər mövsümünün əksər yarışlarında Ten Haq uğursuzluğa düçar olub. “Mançester Yunayted” UEFA Çempinlar Liqasını qrup sonuncusu olaraq tərk edib, İngiltərə Liqa Kubokunu əldən verib. Premyer Liqada isə 38 oyundan 60 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıblar ki, bu da klub tarixinin ən uğursuz nəticəsi olmaqla yanaşı, heç avrokuboklara da vəsiqə verməyib.

Əvəzində, niderlandlı mütəxəssis özünün “qırmızı şeytanlar”ı ilə birlikdə qarşısına qazanmağı məqsəd qoyduğu İngiltərə Kubokunda qalibiyyətə nail olub. “Mançester Yunayted” əzəli rəqibi “Mançester Siti”ni 2:1 hesabı ilə məğlub edə bilib. Bu zəfər isə “Mançester Yunayted”ə növbəti, 2024/2025-cü illər mövsümündə Avropa Liqasında iştirak hüququ verib.

Erik ten Haq 2022-ci ilin iyul ayından “Mançester Yunayted”i çalışdırır. Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”ı indiyə qədər 114 oyuna çıxarıb, 68 qələbə, 15 heç-heçə, 31 məğlubiyyət yaşayıb. Topların fərqi isə 207:156 nisbətindədir.

Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.