Erik ten Haq MY-nin ən bərbad mövsümünü dəyərləndirdi

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın İngiltərə Premyer Liqasında tarixən ən bərbad mövsümünü şərh edib.

Arena.az xatırladır ki, “Mançester Yunayted” mövsümü 8-ci pillədə başa vurub.

Bu, İngiltərə Premyer Liqasının mövcud olduğu 1992-ci ildən bəri “qırmızı şeytanlar”ın tarixən ən bərbad nəticəsidir.

“Mürəkkəbdir, bu barədə əvvəllər danışmışıq, bizim üçün çətin mövsüm oldu. Bilirik ki, hazırda o “Mançester Yunayted” üçün kifayət qədər yaxşı deyil. Səbəblər var, amma bunlar heç bir əhəmiyyət daşımırlar.

“Yunayted” mövsümü daha yüksəkdə bitirməlidir, bu nəticə isə kifayət deyil. Rəqabət ciddidir: iki il əvvəl 58 xalla altıncı idik, indi 60 xalımız var, səkkizinci yerimiz var, amma bu, kifayət deyil. Məyus olduq”, – “Mançester Yunayted”in rəsmi saytı niderlandlı mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, 1989/1990-cı illər mövsümündə, hələ İngiltərə çempionatı Premyer Liqa olaraq təsis edilməmişdən öncə “Mançester Yunayted” mövsümü 13-cü pillədə başa vurmuşdu. Göründüyü kimi, “qırmızı şeytanlar” son 34 il ərzində ən uğursuz mövsüm keçiriblər.