Erik ten Haq MY üçün üçtərəfli oyun planı hazırlayıb

Cari mövsüm başlamazdan əvvəl “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar” üçün üçtərəfli oyun planı hazırlayıb.

Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, niderlandlı mütəxəssis ilk olaraq, buraxılan “gərəksiz” qolların sayını azaltmaq məqsədilə futbolçularından həm hücum xəttində, həm də müdafiə xəttində daha aqressiv olmalarını xahiş edir.

İkincisi, Ten Haq istəyir ki, “Mançester Yunayted” topa daha çox sahib olsun. 54 yaşlı mütəxəssis oyunu nəzarətdə saxlamaq üçün oyunçuların topu daha yaxşı qoruyub-saxlamalı olduğunu təkid edir.

Üçüncüsü, niderlandlı çalışdırıcı “qırmızı şeytanlar”ın mövqeli oyunda daha yaxşı çıxış etmələrini istəyir. Ten Haq komandaya “axmaq” səhvlərin qarşısını almaq üçün meydanda düzgün təşkilatlanmanın vacibliyini vurğulayan videolar nümayiş etdirir.

Xatırladaq ki, Erik ten Haq “Mançester Yunayted”i 2022-ci ilin iyul ayından çalışdırır. Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”ı indiyə qədər 118 oyuna çıxarıb, 69 qələbə, 15 heç-heçə, 34 məğlubiyyət yaşayıb. Topların fərqi isə 216:169 nisbətindədir.

Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.

Daha əvvəl İngiltərə Premyer Liqanın 3-cü turunda evdə “Liverpul”a məğlubiyyət Erik ten Haq üçün xoşagəlməzliklə nəticələnib. Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”ın Old Trafford”da 0:3 hesablı məğlubiyyəti mənzərəsində “Mançester Yunayted” azarkeşlərinin ağır tənqidi ilə üzləşib.

“Mançester Yunayted” bu mövsüm Premyer Liqada keçirdiyi 3 oyunda cəmi 3 xal qazanıb (1 qələbə, 2 məğlubiyyət) və 20 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.