“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Avropa Liqasının Liqa mərhələsində “Portu”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, İngiltərə nəhəngi Portuqaliya klubu ilə səfər oyunundan məhsuldar heç-heçə (3:3) ilə ayrılıb.
Niderlandlı mütəxəssis matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Biz öz məqsədimizə çatacağıq. Bizi indi, bu dəqiqə mühakimə etməyin, bizi mövsümün sonunda sorğulayarsınız. Biz təkmilləşəcəyik. Arxada, finala yüksəldiyimiz iki mövsüm var. Sadəcə, gözləyin”, deyə Erik ten Haq “qırmızı şeytanlar”ın sükanı arxasında olduğu iki mövsüm ərzində qazandığı iki qənimətə (İngiltərə Liqa Kuboku və İngiltərə Kuboku) eyham vurub.
Oyuna gəlincə, “Mançester Yunayted” qeyri-sabit çıxışını yenə də nümayiş etdirib. Oyunun gedişində hesabda 2:0 önə çıxmış “qırmızı şeytanlar” 2:3 hesabı ilə geri düşdükdən sonra, heç-heçəni təzminat müddətində (90+1) Harri Maquayrın vurduğu qolla qoparıblar.
Avropa Liqasının ümumi mərhələsinin 2-ci turundan sonra “Mançester Yunayted” 2 xalla yarış cədvəlinin 22-ci pilləsində qərarlaşıb. “Portu” isə 1 xalla 26-cı pillədədir.
3-cü tur çərçivəsində, oktyabrın 24-də “Mançester Yunayted”i daha bir sınaq gözləyir. “Qırmızı şeytanlar” İstanbulda portuqal mütəxəssis Joze Mourinyonun çalışdırdığı “Fənərbaxça” ilə qarşılaşacaqlar.