Erik ten Haq Premyer Liqanın 5-ci pilləsinə göz dikib

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandasının 2024/2025 mövsümü Çempionlar Liqasına vəsiqə qazanmaq imkanı haqda danışıb.

Arena.az “Daily Mail” nəşrinə istinadən, holland mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Çempionlar Liqasına düşmək? Hər şey tez dəyişə bilər. “Everton”la oyunda bizi daha bir final gözləyir, Çempionlar Liqası zonasına yaxınlaşmağa çalışacağıq. Bunun üçün çalışmalıyıq. Oyunlarda qalib gəlmək lazımdır.

Beşinci yer də Çempionlar Liqasına vəsiqə verə bilər, ona görə də bunun üçün mübarizə aparmalıyıq. Bu il biz həqiqətən tərəqqi edirik və bəzi xalları geri almalıyıq. Premyer Liqada hər kəs hər kəsə qalib gələ bilər”, deyə Erik ten Haq ümidlə danışıb.

Xatırladaq ki, “qırmızı şeytanlar” 27-ci tur çərçivəsində keçirdikləri son oyunda Mançester derbisində Xosep Qvardiolanın “Mançester Siti”sinə səfərdə 1:3 hesabı ilə məğlub olublar.

Hazırda “Mançester Yunayted” 27 turdan sonra 44 xalla yarış cədvəlinin 7-ci pillədində qərarlaşıb. “Qırmızı şeytanlar”ı 5-ci pillədə qərarlaşmış “Tottenhem”dən 6 xal ayırır, üstəlik, “mahmızlar”ın ehtiyatında hələ 1 oyun var. Premyer Liqaya 63 xalla “Liverpul” başçılıq edir.