Erik Ten Haq: “Qəzəbdən də ilham almalıyıq”

İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın hücumçularının çıxışından danışıb.

Arena.az niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz çoxlu fürsətlər yaradırıq, qol fürsətlərinə görə Premyer Liqada üçüncüyik. Biz meydanın son üçdə birində və rəqibin cərimə meydançasında öz oyunumuzu yaxşılaşdırmalıyıq. Əminəm ki, hücumçularımız buna qadirdirlər”, deyə Ten Haq vurğulayıb.

Erik ten Haq İngiltərə Premyer Liqasında “Tottenhem”ə 0:3 hesablı ev məğlubiyyətinin “qırmızı şeytanlar”ın düşərgəsində doğurduğu duyğulardan da danışıb:

“Biz qəzəblənirik, özümüzə qəzəblənirik, xüsusən də bazar günü olduğu kimi bir oyunda məğlub olanda… Amma biz bununla məşğul olmalıyıq. Biz qəzəblənirik və bu qəzəbdən də ilham almalıyıq”.

Erik ten Haq “Mançester Yunayted”i 2022-ci ilin iyul ayından çalışdırır. Ten Haq “qırmızı şeytanlar”ı indiyə qədər 123 oyuna çıxarıb, 71 qələbə, 17 heç-heçə, 35 məğlubiyyət yaşayıb. Topların fərqi isə 227:173 nisbətindədir.

Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.

Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”la İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb.

Qeyd edək ki, cari mövsümdə də qeyri-sabit çıxışı ilə diqqət mərkəzində olan Mançester klubunda Erik ten Haqın istefası gündəmdədir.

6 turdan 7 xal toplamış “Mançester Yunayted” Premyer Liqanın yarış cədvəlində 13-cü pillədə qərarlaşıb. “Qırmızı şeytanlar” heç cür özlərinə gələ bilmirlər və bu Ten Haqın adı ətrafında istefa xəbərlərinin dolaşması ilə nəticələnir.