“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 6-cı turunda “Tottenhem”ə ev məğlubiyyətini (0:3) şərh edib.
Arena.az BBC-yə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“İki və ya üç dəqiqədən sonra, indiki kimi, qol buraxmaq – tamamilə gərəksizdir. Həftənin ortasında “Tvente” ilə oyunda olduğu kimi, eyni səhv, bunun qarşısını ilk andaca alamaq gərək idi.
Bizim, meydanda 11 oyunçumuz var ikən, Coşua Zirkze və Alexandro Qarnaço ilə oyuna qayıtmaq fürsətimiz oldu, qırmızı vərəqədən sonra da fürsətlərimiz vardı.
Biz ilk növbədə bununla məşğul olmalı və səbr etməliyik. Biz uğursuzluğu qəbul edib daha yaxşı olmalıyıq. Diqqətimizi növbəti oyuna cəmləməli və bugünkündən daha yaxşı oyun göstərməliyik”, deyə Ten Haq bildirib.
Erik ten Haq İngiltərə klubunun mövcud maliyyə məhdudiyyətlərindən şikayətini də dilə gətirib:
“Biz, mövcud olan bütün məhdudiyyətləri nəzərə alaraq, bugünkü vəziyyətimiz baxımından yaxşı iş görmüşük. Mən bir çox insanın “Mançester Yunayted”lə bağlı təəssüratını anlayıram, çünki klub böyük tarixə malikdir. Amma biz gənc futbolçuların xeyrinə seçim etmişik, onların isə həmin səviyyədə olacağını gözləmək olmaz.
Etdiyimiz seçimlər həm də maliyyə və həll etməli olduğumuz digər məhdudiyyətlərlə bağlıdır. Bizim yüksək hədəflərimiz var, bu hədəflərə isə cari və sonrakı mövsümlərdə nail olmaq istəyirik. Son iki ildə komandamız səbrlə nəyə qadir olduğunu göstərdi. Səbrlə qənimətlər qazana bilərik, amma indi daha sabit çıxış etməliyik”, deyə Ten Haq vurğulayıb.
Xatırladaq ki, daha əvvəl “Mançester Yunayted”in 2023/2024-cü illər mövsümündəki itkisinin 113,2 milyon funt-sterlinq məbləğ təşkil etdiyi məlum olmuşdu.
“Mançester Yunayted” cari mövsümdə topladığı 7 xalla Premyer Liqanın yarış cədvəlinin 12-ci pilləsində qərarlaşıb.