Erik ten Haq ünvanına səslənən tənqidləri bəraətlə cavabladı

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın zəif nəticələri ilə bağlı tənqidlərə münasibətini açıqlayıb.

Arena.az “Manchester Evening News” dərgisinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Qələbə qazanmalıyıq və qazanmayanda bəhanə gətirmək istəmirəm. Onların nə dedikləri məni maraqlandırmır. Məni daha çox narahat edən odur ki, 18 ay ərzində heç vaxt meydanda münasib heyətə malik olmamışam. Bu, məni narahat edir, çünki futbolçular zədəlidirlər.

Mən yalnız bir dəfə yüksək səviyyəli komandanı idarə etmişəm – keçən mövsüm evdə “Mançester Siti” ilə oyunda. Bütün digər oyunlarda həmişə zədə kimi məqamı nəzərə almalıydıq. Bu, futbol üçün təbiidir, amma bizdəki kimi kəmiyyətdə yox.

Əsas mövqelərdə bu qədər zədəliniz olanda istədiyiniz nəticəni əldə etmək mümkün deyil. Bu, mənim həqiqətimdir. Başqalarının öz həqiqətləri ola bilər, amma mən buna güc sərf etməyə hazır deyiləm”, deyə Erik Ten Haq vurğulayıb.

Xatırladaq ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında hazırda 32 oyundan 50 xalla yarış cədvəlinin 7-ci pilləsində qərarlaşıb. “Qırmızı şeytanlar” cari mövsümdə UEFA Çempionlar Liqasını qrup sonuncusu olaraq tərk ediblər. Həmçinin Erik ten Haqın yetirmələri İngiltərə Liqa Kubokunda uğursuzuğa düçar olublar. “Mançester Yunayted”in uğur qazana biləcəyi yeganə yarış, yarıfinalında “Koventri Siti” ilə qarşılaşacağı İngiltərə Federasiya Kubokudur ki, bu yarışın finalına isə “qırmızı şeytanlar”ın əzəli rəqibi “Mançester Siti” vəsiqə qazanıb. Bu qarşılaşma bu gün keçiriləcək.