“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq topuğundan ciddi zədə almış fransalı müdafiəçi Leni Yoronun səhhəti ilə bağlı danışıb.
Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən niderlandlı mütəxəssisin bu barədə məlumatını təqdim edir:
“Leni Yoro ilə hər şey qaydasındadır. Onun bərpasının düzgün istiqamətdə getməsi son dərəcə sevindiricidir. Mən onu tezliklə meydanda görəcəyimin intizarındayam. Amma tezliklə dedikdə, bərpa planına müvafiq olaraq nəzərdə tuturam”, deyə Erik ten Haq açıqlayıb.
Mərkəz müdafiəçisi Leni Yoro “Lill”in yetirməsidir. Fransalı müdafiəçi qısa karyerası ərzində ancaq “itlər”ə xidmət edib. “Mançester Yunayted” Yoronu bu yay “Lill”dən 62 milyon avro məbləğ müqabilində öz heyətinə qatıb. “Qırmızı şeytanlar” Yoro ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Yoro “Lill”in heyətində bütün yarışlarda 44 oyuna 3 qolla fərqlənib. Böyük futbolda cəmi 3 mövsüm keçirmiş Yoronun “itlər”in heyətində çıxışının ümumi mənzərəsi isə rəqəmlərin gözü ilə belə görünür: 60 oyun, 3 qol, 1 məhsuldar ötürmə.
Leni Yoro Fransanın əsas milli komandasına hələ dəvət almasa da, aşağı yaş dəstələri üzrə yığmalarda – U-17, U-18, U-19, U-21 və U-23-də çıxış edib. Gənc müdafiəçi həmçinin “xoruzlar”ın Olimpiya komandasına cəlb edilib.
Vurğulayaq ki, 18 yaşlı gənc mərkəz müdafiəçisi öz mövqeyində ən perspektivli futbolçulardan hesab edilir. Amma Yoro böyük futbolda hələ heç bir qənimət qazanmayıb.
“Transfermarkt” internet-portalı fransalı mərkəz müdafiəçisinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.