Erik ten Haqın MY-nin transferlərinə xərclədiyi məbləğ bəlli oldu

“Mançester Yunayted” Erik ten Haqın baş məşqçi olduğu müddətdə yeni oyunçuların alışına 650 milyon avro məbləğdən çox xərc çəkib.

Arena.az məlumat verir ki, hazırda klub rəhbərliyinin, bu transferlərin “qırmızı şeytanlar”ın oyun keyfiyyətinə və buna müvafiq olaraq nəticələr gətirəcəyi ilə bağlı strateji baxışlara böyüş şübhələri var.

Erik ten Haqın göstərişi ilə “qırmızı şeytanlar”ın düşərgəsinə cəlb edilmiş futbolçular arasında, xüsusən, braziliyalı dayaq yarımmüdafiəçisi Kazemiro, braziliyalı cinah hücumçusu Antoni, kamerunlu qapıçı Andre Onana, argentinalı mərkəz müdafiəçi Lisandro Martinez, ingilis hücumameylli yarımmüdafiəçi Meyson Maunt və danimarkalı mərkəz hücumçusu Rasmus Höylund var.
Bu futbolçuların “Mançester Yunayted”də öz imkanlarını tam aça bilmədikləri və bacarıqlarından xeyli aşağı səviyyədə çıxış etdikləri vurğulanır.

Vurğulanır ki, Ten Haqın istefaya göndərilməsi klubun idarə heyətinin bütün üzvlərinin yekdil rəyi əsasında gerçəkləşib ki, bu məqam da niderlandlı mütəxəssisin öz etimadını tamamilə itirdiyi deməkdir.

Ötən gecə “Mançester Yunayted”in Premyer Liqanın 9-cu turu çərçivəsində səfərdə “Vest Hem”ə 1:2 hesablı məğlubiyyəti, klub rəhbərliyinin də səbrini tükədib. Nəticədə niderlandlı mütəxəssisin istefası barədə qərar qəbul edilib.

Xatırladaq ki, Erik ten Haq 2022-ci ilin iyul ayından “Mançester Yunayted”i çalışdırırdı. Ten Haq “qırmızı şeytanlar”ı bütövlükdə 128 oyuna çıxarıb, 72 qələbə, 20 heç-heçə, 36 məğlubiyyət yaşayıb. Topların fərqi isə 234:180 nisbətindədir.

Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlamışdı. Halbuki, elə həmin dövrdə də niderlandlı məşqçinin işindən narazılıqlar vardı. Amma klub rəhbərliyi bu addımı ilə baş məşqçiyə dəstəyini nümayiş etdirmişdi. Göründüyü kimi, klub rəhbərliyinin Ten Haqa dəstəyi özünü doğrultmayıb, əksinə komandanı daha da geri salıb.

Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”la İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: