Erik ten Haqın qovulacağı halda alacağı təzminatın məbləğ bilindi

Erik ten Haqın “Mançester Yunayted”in baş məşqçisi vəzifəsindən qovulacağı halda alacağı təzminatın məbləği məlum olub.

Arena.az bu barədə jurnalist Riçard Martinin əldə edərək ictimailəşdirdiyi məlumatı təqdim edir.

Mənbənin məlumatına görə, niderlandlı mütəxəssis “qırmızı şeytanlar”ın düşərgəsindən qovulacağı halda, 17,5 milyon funt-sterlinq (21 milyon avro) məbləğində təzminat haqqı ilə təmin ediləcək.

Vurğulanır ki, “qırmızı şeytanlar”ın rəhbərliyi Erik ten Haqı ötən yay istefaya göndərmək qərarına gəlsəydi, niderlandlı mütəxəssisə 10 milyon funt-sterlinq (12 milyon avro) məbləğ ödəməli idi. Bununla belə, yayda Erik ten Haqın əmək müqaviləsinin müddəti 2026-cı ilə qədər uzadılıb və bu, təzminat haqqının müvafiq artımı ilə müşayiət edilib.

Bildirilir ki, 17,5 milyon funt-sterlinq məbləğ, xərclərin münasibləşdirilməsi çərçivəsində “Mançester Yunayted”in 250 işçisini işdən ixtisara saldıqdan sonra, qənaət etdiyi məbləğin yarısıdır.

Erik ten Haq “Mançester Yunayted”i 2022-ci ilin iyul ayından çalışdırır. Ten Haq “qırmızı şeytanlar”ı indiyə qədər 123 oyuna çıxarıb, 71 qələbə, 17 heç-heçə, 35 məğlubiyyət yaşayıb. Topların fərqi isə 227:173 nisbətindədir.

Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.

Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”la İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb.

6 turdan 7 xal toplamış “Mançester Yunayted” Premyer Liqanın yarış cədvəlində 13-cü pillədə qərarlaşıb. “Qırmızı şeytanlar” heç cür özlərinə gələ bilmirlər və bu Ten Haqın adı ətrafında istefa xəbərlərinin dolaşması ilə nəticələnir.